İQTİSADİYYAT
Türkiyənin yeni nazirləri SOCAR-ın bu ölkədəki sərmayələri barədə məlumatlandırılıb
Bakı, 11 avqust, Nihad Budaqov, AZƏRTAC
“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov Türkiyənin yeni nazirləri ilə şirkətin bu ölkədəki investisiyalarını müzakirə edib.
AZƏRTAC STEAŞ-a istinadla xəbər verir ki, Z.Qəhrəmanov Türkiyənin yeni energetika və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşərək onu nazir təyin olunması münasibətilə təbrik edib. Baş direktor “SOCAR Turkey”in mövcud layihələrinin icra vəziyyəti və gələcəkdə həyata keçirilməsi planlaşdırılan yeni investisiyalar barədə nazirə məlumat verib.
STEAŞ-ın rəhbəri, həmçinin Türkiyənin yeni sənaye və texnologiyalar naziri Mustafa Varankla da görüşüb, onu nazir təyin edilməsi münasibətilə təbrik edib. Z.Qəhrəmanov naziri mövcud investisiyaların hazırkı vəziyyəti və törəmə şirkətlərin portfeli barədə məlumatlandırıb.
Baş direktor M.Varankla qarşıdakı dövrdə şirkətin həyata keçirməyi nəzərdə tutduğu neft-kimya investisiyaları, Əliağada qurulması planlaşdırılan “Ar-Ge” mərkəzi və “SOCAR Xüsusi Sənaye Zonası”nın yaradılması üzrə müraciət ərizəsinə dair müzakirələr aparıb.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir. SOCAR hazırda Türkiyənin ən böyük xarici sərmayədarıdır.