DÜNYA
Türkmən gölünün yaxınlığında “Altın Asır” yeni sosial-istehsalat kompleksinin təməli qoyulub
Aşqabad, 8 may, AZƏRTAC
Türkmənistanda Türkmən gölünün yaxınlığında yerləşən “Altın Asır” yeni sosial-istehsalat kompleksinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Altın Asır” gölü ətraf mühitin qorunmasına, o cümlədən su və torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə yönəlmiş nəhəng hidrotexniki layihədir. Yeni irimiqyaslı sosial-istehsalat kompleksi və Türkmən gölü bu regionda insanların bitkiçilik, heyvandarlıq və kənd təsərrüfatının digər sahələrində işləyə biləcəyi əlavə tamamlayıcı seqment olacaq.
Hazırlanmış proqrama əsasən, sosial-istehsalat kompleksi iki mərhələdə tikiləcək. Birinci dövr 2019—2022-ci illəri, ikincisi isə 2022-2025-ci illəri əhatə edəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad