İQTİSADİYYAT
Türkmənistan maye qaz ixracını artırmağı planlaşdırır
Bakı, 27 mart (AZƏRTAC). 2013-cü ildə Türkmənistan maye qaz ixracını artırmağı planlaşdırır.
AZƏRTAC Türkmənistanın Neft-Qaz Sənayesi və Mineral Ehtiyatlar Nazirliyinə istinadən xəbər verirol ki, Naip və Baqacada (ölkənin şərqində) yerləşən güclü qaz emalı kompleksi gecə-gündüz işləyir və istehsal sürətini artırır. Keçən il kompleks 144 min ton maye qaz və xeyli qaz kondensatı istehsal etmişdir.
Türkmənistan Dövlət Dəniz və Çay Nəqliyyatı Xidməti maye qazın xüsusi konteynerlərdə Azərbaycana (Bakı limanına), oradan da dəmir yol nəqliyyatı vasitəsilə Gürcüstanın Batumi və ya Poti limanlarına daşınması imkanını öyrənir. Daha sonra konteynerlər Gürcüstan limanlarından dəniz yolu ilə Rumıniyaya çatdırıla bilər. Hazırda Buxarestlə müvafiq danışıqlar aparılır.
Türkmənistan həmçinin məşhur AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) qaz kəməri layihəsinə yüksək səviyyədə maraq göstərmişdir. Bu layihə də Gürcüstanın Qara dəniz sahillərindən Xəzər maye qazının Rumıniyaya daşınmasını nəzərdə tutur.