SİYASƏT
TÜRKMƏNİSTAN VƏ AZƏRBAYCAN ARASINDA QARDAŞLIQ ƏLAQƏLƏRİ BUNDAN SONRA DA MÖHKƏMLƏNƏCƏKDİR
Bakı, 4 noyabr (AZƏRTAC). Türkmənistan və Azərbaycan arasında qardaşlıq əlaqələri bundan sonra da möhkəmlənəcəkdir.
Bu sözləri noyabrın 4-də Prezident Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda Azərbaycan mədəniyyəti günlərinin iştirakçılarına təbrik nitqində söyləmişdir.
Türkmənistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı demişdir ki, Türkmənistanda Azərbaycan mədəniyyəti günləri ölkələrimizin çoxşaxəli əməkdaşlığının və mədəni əlaqələrinin böyük gələcəyi olduğunu təsdiq edir.
Müraciətin mətnində deyilir ki, iki dost ölkə arasında mehriban qonşuluq münasibətləri bu gün keyfiyyətcə yeni məzmun kəsb etmişdir. Ta qədimlərdən Azərbaycan və Türkmənistan xalqlarını sıx dostluq və qardaşlıq telləri, ümumi tarix və mədəniyyət, oxşar ənənələr bağlayır. Ölkələrimizdə təşkil olunan beynəlxalq mədəniyyət tədbirlərində Türkmənistanın və Azərbaycanın görkəmli xadimləri, incəsənət ustaları, alim, yazıçı, rəssam, heykəltəraş və tətbiqi sənət ustaları iştirak edirlər. Bütün bunlar həm mədəniyyət sahəsində, həm də digər istiqamətlər üzrə qarşılıqlı etimada söykənən əməkdaşlığın yoluna qoyulmasına dair işlərin yüksək səviyyəsindən xəbər verir. Son illərdə imzalanmış ikitərəfli sənədlərin məzmunu əməkdaşlığın geniş və çoxşaxəli olduğunu göstərir. Budəfəki tədbir münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əyani sübutdur.