DÜNYA
Türkmənistanda Bitərəflik Günü qeyd edilmişdir
Aşqabad, 13 dekabr (AZƏRTAC). Türkmənistanda dövlət səviyyəsində qeyd olunan ikinci bayram Bitərəflik Günüdür. Bayram 1995- ci il dekabrın 12-dən qeyd edilir. Həmin tarixdən BMT-nin Baş Assambleyasında Türkmənistana bitərəflik statusu verilməsi barədə qətnamə təqdim edilmişdir. Bununla da Türkmənistan hərbi konfliktlərdən kənarda dayanır və ölkənin ərazisi hər hansı hərbi iştirak üçün bağlıdır. Bitərəflik bu ölkəni sülh və əmin-amanlığa aparan vacib siyasi addımdır.
Bayram münasibətilə Aşqabadda Bitərəflik Monumentinin açılışı olmuşdur. Hündürlüyü 95 metr olan monumentin üstündə ölkənin birinci prezidenti Saparmurad Niyazovun heykəli qoyulmuşdur. Bu monumentin özünəməxsusluğu mexanizmin köməyi ilə heykəlin günəş işığının ardınca dönməsidir.
Bayram ölkədə geniş qeyd edilir. Turkmenistan ru. rəsmi dövlət saytına əsasən ölkə başçısı Qurbanqulu Berdiməhəmmədov bayram münasibətilə əfv fərmanı imzalamışdır. Ölkə başçısının göstərişi ilə əfv olunanlar işlə təmin olunacaqlar.
Bitərəflik Günü münasibətilə ölkənin bütün vilayətlərində bayram konsertləri keçirilir. Ölkə başçısı türkmən xalqını bayram münasibətilə təbrik etmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad