SİYASƏT
TÜRKMƏNİSTANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILMIŞDIR
Bakı, 12 dekabr (AZƏRTAC). Azərbaycanın Türkmənistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Səfirliyin zalında ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən materiallardan ibarət Heydər Əliyev güşəsindəki portreti önündə əklillər qoyulmuşdur.
Səfirlikdən bildirmişlər ki, Türkmənistanda yaşayan soydaşlarımızın da iştirak etdikləri tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Səfir Elxan Hüseynov müstəqil Azərbaycanın qurulmasında və inkişafında ulu öndərin əvəzsiz xidmətləri barədə danışmışdır. Səfir «Жизнь замечательных людей» seriyasından ulu öndər Heydər Əliyevə həsr olunmuş «Гейдар Алиев» kitabının səfirlik tərəfindən türkmən dilinə tərcüməsinin başa çatdığını, hazırda kitabın nəşrə hazırlandığını bildirmişdir.
Sonra ümummilli lider Heydər Əliyev haqqında filmlər nümayiş olunmuş, tədbir iştirakçılarına ulu öndər haqqında materiallar paylanmışdır.