İQTİSADİYYAT
“Türkmənistanın neft və qazı 2019” sərgi və konfransında əməkdaşlıq perspektivləri müzakirə edilib
Aşqabad, 24 oktyabr, AZƏRTAC
“Türkmənistanın neft və qazı 2019” sərgi və konfransı qlobal neft və qaz bazarının ən böyük şirkətlərini bir araya gətirdi.
AZƏRTAC xəbər verir ki, sərgi və konfransda nüfuzlu şirkətlər əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Aşqabadda keçirilən tədbirdə Azərbaycan, Belarus, Böyük Britaniya, Koreya, Çin, Latviya, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Sinqapur, ABŞ, Türkiyə, Yaponiya və digər ölkələrdən 400-dən çox nümayəndə 2 gün ərzində təkcə bölgənin deyil, dünyada neft-qaz sənayesinin inkişafının prioritet məsələlərini müzakirə ediblər.
Gündəlikdə əsasən enerji bazarlarının inkişafındakı qlobal tendensiyalar və əməkdaşlıq perspektivləri, xarici investorların iştirakı ilə neft və qaz yataqlarında hasilatın optimallaşdırılması, o cümlədən Xəzər dənizinin Türkmənistan sektorunun dəniz bloklarının inkişafı məsələləri müzakirə edilib.
Forumun sessiyalarında Türkmənistanın enerji diplomatik nümayəndəliyi, transmilli boru kəməri layihələri, qaz-kimya və neft emalı sənayesinin prioritetləri və karbohidrogenlərin emalı barədə məruzələr təqdim edilib.
Xatırladaq ki, sərgi və konfransda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin başçılığı ilə nümayəndə heyəti iştirak edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad