ELM VƏ TƏHSİL
“Türkologiya” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının bu il üçün üçüncü nömrəsi çapdan çıxıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan AZƏRTAC-a bildiriblər ki, jurnalın növbəti nömrəsində Azərbaycan, rus, ingilis və türk dillərində, Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan və Ukrayna alimlərinin məqalələri yer alıb.
AMEA-nın rəyasət heyətinin qərarı ilə jurnal artıq daha geniş istiqamətləri ehtiva edir. Beynəlxalq elmi jurnalda “Türkoloji irs”, “Dilçilik”, “Mədəniyyət və incəsənət”, “Yazılı abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin “I Türkoloji qurultayın 90 illiyi”, dünyada olan “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia” və “Nekroloqlar” bölmələrində toplanan yazılar oxucuların marağına səbəb olacaq.
Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya türkologiya” jurnalının ənənələrinin davamı və türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.