SİYASƏT
TürkPA gələcəyin liderlərini İstanbulda toplayır
Bakı, 11 oktyabr (AZƏRTAC). Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyi oktyabrın 14-dən 16-dək İstanbulda “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu” mövzusunda Beynəlxalq Forum keçiriləcəkdir.
TürkPA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirin keçirilməsində məqsəd şəxsi münasibətlər və dialoqun yaradılması məqsədi ilə müxtəlif ölkələrdən gənc liderləri bir araya gətirmək, fərqli mədəniyyət, dil və ənənələrə sahib olan region ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni, coğrafi dəyərləri həmrəylik içərisində irəliyə aparmaq və bu işdə gənclərin rolunu artırmaqdır.
”Günümüzün regiondakı gənc liderləri gələcəyin liderləridir” şüarı ilə təşkil olunacaq forum TürkPA-nın qardaş xalqlar arasında əlaqə və əməkdaşlığı inkişaf etdirməsi istiqamətində mühüm addımlarından biri olacaqdır.
Forum Türkiyə Böyük Millət Məclisi (TBMM), Türkiyə hökuməti adına Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA), Azərbaycan Gənclər Fondu, Türk Dünyası Bələdiyyələr Birliyi və Xəzər Strateji İnstitutunun dəstəyi ilə reallaşdırılacaqdır.
Forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Rusiya, Moldova, Gürcüstan, Ukrayna, Serbiya, Monteneqro, Makedoniya, Latviya, Litva, Xorvatiya, Macarıstan, Rumıniya, Bosniya və Hersoqovina, Misir, Pakistan, İraq və Mərakeş daxil olmaqla 25 ölkədən deputatlar, diplomatlar, Avropa Parlamentinin üzvləri, beynəlxalq və qeyri-hökumət təşkilatların təmsilçiləri iştirak edəcəklər.
Tədbirin açılış mərasimində TBMM-in birinci vitse-spikeri Mehmet Sağlam, Türkiyənin gənclər və idman naziri Suat Kılıç, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qırğız Respublikası parlamentinin vitse-spikeri Torobay Zulpukarov və digər yüksək səviyyəli rəsmilərin iştirakı və çıxışı planlaşdırılır.
Beynəlxalq Forumun sonunda gənc liderlər tərəfindən ənənəvi və parlament diplomatiyasının ortaq fəaliyyəti ilə regionda sülhün və sabitliyin təmin edilməsi, münaqişələrin dinc yolla həlli, regionun bir dostluq və qardaşlıq evi olması ilə bağlı ortaq müraciətin qəbul edilməsi nəzərdə tutulmuşdur.