SİYASƏT
TürkPA nümayəndə heyəti Beynəlxalq Parlamentlər İttifaqının sessiyasında iştirak edəcəkdir
Bakı, 19 mart (AZƏRTAC). Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti martın 22-dən 27-dək Ekvadorun paytaxtı Kito şəhərində səfərdə olacaqdır.
TürkPA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi Kitoda keçiriləcək Beynəlxalq Parlamentlərarası İttifaqının 128-ci sessiyasında iştirak etməkdir.
Sessiyada “Davamlı yüksəlişdən məqsədyönlü inkişafa doğru: Yeni yanaşmalar, yeni həll yolları” əsas müzakirə mövzusu olacaqdır. İştirakçılar iqtisadi artımın ümumilikdə insanların rifahına təsiri barədə fikir mübadiləsi aparacaqlar.
Nümayəndələr əlil uşaqların hüquqları, qadın və uşaqların sağlamlığı üçün cavabdehliyin təmin edilməsi, inkişaf üçün yeni baxış, idarəetmənin rolu və s. mövzularda təşkil olunacaq panellərdə iştirak edəcəklər.
Qeyd edək ki, TürkPA Beynəlxalq Parlamentlər İttifaqında müşahidəçi statusu ilə təmsil olunur.