DÜNYA
Tutanxamonun “kosmik xəncərinin” sirri açılıb
Bakı, 25 fevral, AZƏRTAC
Arxeoloqlar firon Tutanxamonun sərdabəsindəki xəncərin Qədim Misirin sərhədləri xaricində meteorit poladından hazırlandığını müəyyən edib.
AZƏRTAC “The Sun” qəzetinə istinadla xəbər verir ki, bu kəşf xəncərin digər qədim dövlət tərəfindən Tutanxamonun babasına hədiyyə olaraq göndərilməsi versiyasını təsdiqləyib. Belə ki, xəncərin o dövrdə qədim misirlilərin işləməyi bacarmadığı meteorit poladından hazırlandığı müəyyənləşib.
Yaponiyanın “Tiba” Texnologiya İnstitutunun elmi qrupu tərəfindən aparılan təhlillər poladın müsbət 950 dərəcədən aşağı temperaturda əridildiyini və çox güman ki, Misirdən kənarda, Anadoluda hazırlandığını göstərib.
Qeyd edək ki, Misirin 18-ci sülaləsinin fironu Tutanxamon eramızdan əvvəl 1332-1323-cü illərdə ölkəni idarə edib. 1922-ci ildə sərdabədə aşkarlanmış, eramızdan əvvəl 14-cü əsrə aid olan artefakt fironun mumiyasının bud hissəsində tapılmışdı.