İQTİSADİYYAT
Tvinninq layihəsinin təqdimatı olmuşdur
Bakı, 22 noyabr (AZƏRTAC). Noyabrın 22-də Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən həyata keçirilən “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) institusional inkişafı” Tvinninq layihəsinin təqdimatı olmuşdur.
QKDK sədri Rüfət Aslanlı son dövrlərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, qiymətlər kağızlar bazarında da artımın müşahidə olunduğunu qeyd etmişdir. R.Aslanlı “2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq olunmasını maliyyə bazarlarının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri olduğunu vurğulamışdır. Sədr Tvinninq layihəsinin Dövlət Proqramının səmərəli icrasına dəstək olduğunu və proqramda nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi, eləcə də bazara dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətlərində həyata keçiriləcəyini demişdir.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi, müvəqqəti işlər vəkili Toralf Pilz Aİ ilə Azərbaycan arasında münasibətlərin tarixindən və ölkəmizdə həyata keçirilən layihələrdən danışmışdır. T.Pilz Tvinninq yardım alətinin məqsədi və Azərbaycanda həyata keçirilmiş Tvinninq layihələri barədə məlumat verərək, bu layihənin qiymətli kağızlar bazarında aparılan islahatlara və bu sahə üzrə ölkə qanunvericiliyinin Aİ təcrübəsi nəzərə alınmaqla təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.
Polşanın Azərbaycandakı səfiri Mixal Labenda Polşanın Maliyyə Nəzarəti Agentliyi ilə QKDK arasında qarşılıqlı əməkdaşlığın iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsində yeni imkanlar yaradacağını demişdir.
Polşanın Maliyyə Nəzarəti Agentliyinin nümayəndəsi Damian Yavorski layihənin QKDK-nın institusional inkişafına, bütövlükdə Azərbaycanda kapital bazarlarının inkişafına stimul verəcəyini bildirmişdir.
Layihə rəhbəri İlona Pyeçiynska-Çernı layihə çərçivəsində görüləcək işlər barədə təqdimatla çıxış etmişdir. Bildirmişdir ki, layihənin məqsədi Azərbaycanda qiymətli kağızlar bazarının institusional, hüquqi və tənzimləyici çərçivəsinin Aİ-də mövcud olan standartlara uyğunlaşdırılması, habelə bazar iştirakçılarının məlumatlılığının artırılmasına dəstək göstərilməsindən ibarətdir. Layihənin maliyyələşdirilməsi məqsədi ilə Aİ 1 milyon avro məbləğində vəsait ayırmışdır.