CƏMİYYƏT
Ucar rayonunda narkomanlığa qarşı mübarizə ilə bağlı maarifləndirici tədbirlər keçirilib
Bakı, 19 may, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Ucar rayonunda tədbirlər keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirlər çərçivəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatçılığı ilə rayon üzrə komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
Bundan əlavə, rayon komissiyasının sədri və üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun təhsil şöbəsinin nümayəndələrinin iştiraki ilə narkomanlıq probleminə dair maarifləndirmə xarakterli tədbir keçirilib və narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə iştirakçılara zəruri məlumat verilib.
Sonda treninq iştirakçılarına Dövlət Komissiyasının işçi qrupunun hazırladığı əyani vəsaitlər və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün “Metodik tövsiyələr” adlı kitabça təqdim edilib.