REGİONLAR
Ucar rayonunda yol tikintisinə 10,1 milyon manat ayrılıb - SƏRƏNCAM
Bakı, 1 avqust, AZƏRTAC
Prezident İlham Əliyev “Ucar rayonunun Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 29 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.12-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 10,1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.