REGİONLAR
Ucar və Yevlax rayonlarının daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 29-da Ucar rayonunun Qulabənd kəndinə, eləcə də Yevlax rayonunun Havarlı kəndinə və Türklər məhəlləsinə təbii qaz verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 306 abonenti olan Ucar rayonunun Qulabənd kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 17 min 976 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 306 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yevlax rayonunun 496 abonentlik Havarlı kəndinə təbii qazın verilişinin bərpası məqsədilə birpilləli sistem əsasında 33 min 87 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 496 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Yevlaxın Yədilli kəndi ərazisindəki 25 abonenti olan Türklər məhəlləsinə də ilk dəfə təbii qaz verilib. Məhəllənin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2 min 821 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 25 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.