İQTİSADİYYAT
Ucarda cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları geniş müzakirə olunmuşdur
Ucar, 25 iyul (AZƏRTAC). Ucar rayonunda bu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalı 3,1 faiz, əhalinin pul gəlirləri 13 faiz, investisiya qoyuluşu 1,9 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 5,3 faiz artmışdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər iyulun 25-də Ucarda keçirilən 2013-cü ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilmişdir. Hesabat məruzəsində və çıxışlarda cari ilin ilk 6 ayında rayon mərkəzində, eləcə də kənd yaşayış məntəqələrində tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma işləri ilə əlaqədar bir sıra layihələrin həyata keçirildiyi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, iqtisadiyyatının əsasını aqrar sahə təşkil edən rayonda yarım ildə əkinçilik və heyvandarlıq sahələrində nəticələr uğurlu olmuşdur. Bu ilin məhsulu üçün yetişdirilmiş 12042 hektar taxıl sahəsindən 26032 ton məhsul yığılmışdır. Bu, ötən ildəkindən 353 ton çoxdur.
Bütün göstəricilər üzrə heyvandarlıq məhsulları istehsalı da artmışdır. Rayonda quşçuluğun və balıq məhsullarının istehsalı və emalının müasir texnologiyalar əsasında təşkili istiqamətində tədbirlər davam etdirilmişdir.
Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin səviyyəsinin artırılması, əhalinin təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması ilə əlaqədar görülmüş işlərdən də ətraflı danışılmışdır.
Diqqətə çatdırılmışdır ki, Ucar şəhərində su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar işlər davam etdirilir. Artıq 60 kilometr uzunluğunda müxtəlif diametrli su xətti çəkilmiş, 300 abonentə yeni sayğaclar quraşdırılmışdır.
Yığıncaqda rayonun sosial-iqtisadi inkişafı, əhaliyə göstərilən bu və ya digər xidmətin yaxşılaşdırılması ilə əlaqədar qarşıda duran konkret vəzifələr də müzakirə olunmuşdur.
Əminliklə vurğulanmışdır ki, ucarlılar iyulun 18-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının proqram nitqindən irəli gələn vəzifələri rəhbər tutaraq Azərbaycanın dinamik inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.