REGİONLAR
Ucarda cari mövsümdə hər hektardan 33 sentnerdən çox çəltik istehsalı gözlənilir
Ucar, 6 sentyabr, AZƏRTAC
Ucar rayonunda çəltik biçininə başlanıb və qısa vaxtda 85 hektar sahənin məhsulu yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, builki mövsümdə Ucarda 630 hektarda çəltik yetişdirilib.
Yerli bazarlarda öz keyfiyyəti ilə seçilən və heç də alıcısı az olmayan bu məhsul rayonun 29 ərazi icra nümayəndəliyindən 10-unda əkilib. Bölgədə əsasən yerli sortlardan olan “Ağ mirvari” və “Haşımi” yetişdirilir. Bir sıra ərazilərdə, xüsusilə Əlikənd, Boyat, Ənvər Məmmədxanlı icra nümayəndəliklərində sahələrdən bol məhsul götürülür. Ötən il hər hektardan 31,9 sentner məhsul əldə edən fermerlər və fiziki şəxslər cari mövsümdə məhsuldarlığın 33 sentnerdən çox olacağı qənaətindədirlər.