CƏMİYYƏT
Ucarda və Hacıqabulda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
Bakı, 2 dekabr, AZƏRTAC
Ucar rayonunun Çiyni kəndi ərazisində yolu keçən Kürdəmir rayon sakini Bəhram Dəmirov Goranboy rayon sakini A.Cəfərovun idarə etdiyi “KamAZ” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Hacıqabul şəhərində isə yolu keçən Şirvan şəhər sakini Şəhriyar Cəfərov şəhər sakini A.Əzizovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub. Hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən təhqiqat davam edir.