REGİONLAR
UCARLI FERMERLƏR TAXIL İSTEHSALINI YÜKSƏK MƏHSULDARLIQ HESABINA ARTIRMAQ ƏZMİNDƏDİRLƏR
Ucar, 10 sentyabr (AZƏRTAC). Əkinə yararlı torpaqlarının böyük bir hissəsini şoranlıq təşkil edən Ucarda taxılçılığın inkişafı diqqət mərkəzindədir. Torpaq sahibləri istehsalı əkin sahələrinin genişləndirilməsi yox, yüksək məhsuldarlıqn hesabına artırmaq əzmindədirlər. Bundan ötrü onlar əkinçilik mədəniyyətini yüksəldir, növbəli əkin sisteminə, elit və yüksək reproduksiyalı toxumalara üstünlük verir, gübrələrdən səmərəli istifadə edirlər.
Bunu AZƏRTAC-a rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Nurməmməd Tağıyev bildirmişdir. Onun sözlərinə görə, gələn ilin məhsulu üçün 12 min hektardan çox sahədə taxıl əkiləcəkdir. Hazırda hər yerdə payızlıq şum çıxarılır. Bu işə 45-50 traktor cəlb edilmişdir. Kampaniya mütəxəssislərin nəzarəti altında aparılır. Alpoud, Qazyan, Yuxarı Şilyan, Qazıqumlaq və bir sıra digər kəndlərdə işlər daha mütəşəkkil aparılır. İndiyədək rayon üzrə 8 min hektaradək sahədə şum çıxarilmışdır. Cari mövsümdə əkin üçün 2,3--2,5 min ton toxum lazım olacaqdır. Bunun 1000 tonu daxili imkanlar hesabına tədarük edilmişdir.