İQTİSADİYYAT
Üç rübdə Neft Fondunun bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərqi 4,5 milyon manat olub
Bakı, 26 oktyabr, AZƏRTAC
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcədənkənar xərcləri 4 milyard 185,2 milyon manat təşkil edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, ötən 9 ay ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 4 milyard 521 milyon manat azalma müşahidə olunub.
Cari ilin 3-cü rübünədək beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-nin investisiya portfelində də öz əksini tapıb. Belə ki, qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya, geosiyasi gərginliyin dərinləşməsi və Çin-ABŞ ticarət zəncirinin tam bərpa olmaması maliyyə bazarlarının qabaqcıl risklərindəndir və bu sadalananlar maliyyə aktivlərinin qiymətlərinə mənfi təsir edib. Həmçinin qeyd etmək lazımdır ki, ikinci rüblə müqayisədə iqtisadi proqnozlarda nikbinliyin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, bir sıra qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının sərt monetar siyasətinin inflyasiya göstəriciləri üzrə istənilən nəticənin əldə edilməməsi və Böyük Britaniyadakı hakimiyyətin fiskal siyasətindəki qərarsızlıq son rübdə investorlar tərəfindən əlavə çağırışlar kimi səciyyələnir ki, bu da həm səhm, həm də istiqraz indekslərində geriləmələrə səbəb olub. Eyni zamanda, ABŞ Mərkəzi bankının inflyasiya tədbirlərinin, o cümlədən əhəmiyyətli faiz artımının digər ölkələr ilə müqayisədə daha böyük olması və daha öncə baş tutması ABŞ dollarına tələbə əlavə dəstək olub və nəticədə digər ölkələrin valyuta məzənnələrinin dollara nisbətdə əhəmiyyətli dəyərsizləşməsinə gətirib çıxarıb. Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-nin də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80 faizi) ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-nin də investisiya portfelində realizə edilməmiş müvəqqəti geriləmələrlə müşahidə olunub.