SİYASƏT
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda “dəyirmi masa” keçirilir
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də “Kempinski Badamdar” otelində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda “dəyirmi masa” işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”nın gündəliyindəki məsələlər - “Yeni texnologiyalar və müasir media”, “KİV və sivilizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsindən qarşılıqlı əlaqələrə və tolerantlığa doğru”, “Ənənəvi jurnalistika və sosial şəbəkələr” hər biri ayrıca paneldə müzakirə olunacaqdır.
Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluq etdiyi birinci paneldə müasir medianın yeni texnologiyaların tətbiq edilməsi üçün əlverişli zəmin olması məsələləri müzakirə ediləcəkdir.
Sonrakı panel iclaslarında isə müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər və sosial qruplar arasında qarşılıqlı anlaşmanın daha da aktuallaşdığı yeni minillikdə insanların bir-birlərini daha yaxşı tanımaları və başa düşmələri məsələsində, dözümlülüyün möhkəmləndirilməsində jurnalistikanın rolu, ənənəvi informasiya sənayesi ilə sürətlə inkişaf edən sosial media arasında əlaqələr müzakirə olunacaqdır.