İDMAN
UEFA Avropa Liqası: APOEL - “Qarabağ” oyunu başlayıb
Bakı, 7 noyabr, Nicat Məmmədov, AZƏRTAC
UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsi çərçivəsində keçirilən APOEL - “Qarabağ” oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Kiprin Nikosiya şəhərindəki “GSP Arena”da keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Dani Kintana, Zubir və Araz Abdullayev yer alıblar.
APOEL-in heyətində isə meydana Beleç, Saviç, Merkis, Vuros, Ynnu, Matiç, Qendzoğlu, Lukas Souza, Mixayloviç, Xallenius və Pavloviç çıxıblar.
Qarşılaşmanın idarə edilməsi Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Manuel Şüttenqruberdir.
A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu səfərdə İspaniyanın “Sevilya” komandası ilə görüşür.
Üç turdan sonra aktivində 9 xal olan “Sevilya” qrupda liderlik edir. “Qarabağ” 4 xalla ikinci, “Düdelanj” isə 3 xalla üçüncü yerdə qərarlaşıb. Qrupda sonuncu sırada yer alan APOEL-in 1 xalı var.
Bu komandalar arasında oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda üçüncü tur çərçivəsində keçirilmiş oyunda heç-heçə qeydə alınıb - 2:2.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 0:3 hesabı ilə uduzsa da, Lüksemburqda “Düdelanj”dan üstün olub - 4:1. APOEL isə evdə Lüksemburq təmsilçinə 3:4, İspaniyada isə “Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.
APOEL indiyədək Avropa Liqasının qrup mərhələsində evdə keçirdiyi 10 oyundan 5-də qalib gəlib və 4-də uduzub.
“Qarabağ” isə 13 matçdan dördündə qalib gəldiyi halda, səkkiz dəfə məğlub olub. Komandaların hərəyə bir görüşü isə heç-heçə yekunlaşıb.
Meydan sahiblərinin heyətində argentinalı yarımmüdafiəçi Tomas de Vinsenti və sloveniyalı hücumçu Roman Bezyak zədəlidirlər. Ağdam komandasında isə xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə Azərbaycan millisinin hücumçusu Mahir Emreli eyni səbəbdən meydana çıxa bilməyəcək.