Ukrayna 100 əsirini geri qaytarıb
Kiyev, 8 fevral, AZƏRTAC
Ukrayna Rusiya Federasiyası ilə əsirlərin növbəti mübadiləsini həyata keçirib. Nəticədə 100 ukraynalı əsir vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
“Daha 100 ukraynalı öz evində, Ukraynadadır. Milli Qvardiyanın, sərhədçilərin, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri - əksəriyyət Mariupolun müdafiəçiləridir. Hamısı bizimdir, hər biri öz doğma torpağına qayıdır. Biz hər birinin üzərində işləyirik. Hamını geri qaytarana qədər dayanmayacağıq”, - deyə Zelenski bildirib.
Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahının məlumatına görə, bu dəfə xilas edilən hərbi qulluqçular arasında Ukrayna Milli Qvardiyasının 49 əsgəri, 25 sərhədçi, Ukrayna Silahlı Qüvvələrinin 26 hərbi qulluqçusu, o cümlədən 11 əsgər var.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev