DÜNYA
Ukrayna Ali Radası qumar oyunlarının leqallaşdırılması haqqında qanun layihəsini bəyənib
Kiyev, 16 yanvar, AZƏRTAC
Ukrayna Ali Radası “Qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı fəaliyyətin dövlət tərəfindən nizamlanması haqqında” qanun layihəsini bəyənib.
AZƏRTAC Ukrayna Ali Radasının rəsmi saytına istinadla xəbər verir ki, 260 nəfər xalq deputatı bu sənədin lehinə səs verib.
Qanun layihəsinə əsasən, Ukraynada qumar oyunları bazarının kompleks şəkildə tənzimlənməsi tədbirləri və Ukraynada qumar oyunları sahəsində icazə verilən fəaliyyət növlərinin siyahısı tətbiq edilir.
Sənədə əsasən, oyun avtomatlarının yalnız mehmanxanalarda yerləşdirilməsinə icazə verilir, bu oyunların maliyyə sabitliyinin və uduşların ödənilməsinin təmin edilməsi məqsədilə təşkilatçıların maliyyə vəziyyətinə ciddi tələblər, qumar oyunları keçirilməsi üçün istifadə edilən avadanlığın ümumi qəbul edilmiş beynəlxalq standartlara müvafiqliyi üzrə xüsusi tələblər müəyyən edilir.
Bundan əlavə, oyunçuların minimum yaşının 18-dən 21-ə çatdırılması nəzərdə tutulur, oyunçuların eyniləşdirilməsi üzrə tələblər müəyyən edilir. Qanunda müəyyən olunmuş yaşa çatmamış adamların oyun avtomatlarına buraxılmasına görə ciddi maliyyə sanksiyaları tətbiq edilməsi nəzərdə tutulur.
Rüstəm Məmmədov
Kiyev