SİYASƏT
Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığının perspektivləri müzakirə edilmişdir
Kiyev, 8 iyun (AZƏRTAC). Ukraynanın Volınsk vilayət Dövlət Administrasiyasının sədri Boris Klimçuk və regionda səfərdə olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Lutsk şəhərində beynəlxalq və regional əməkdaşlığın istiqamətlərinin dərinləşdirilməsi məsələlərini müzakirə etmişlər.
Görüşdə Azərbaycan tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Mirdaməd Sadıqov, regional elmi mərkəzin direktoru Fuad Əliyev və Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin üçüncü katibi Ruslan Qurbanov iştirak etmişlər.
Vilayət dövlət administrasiyasının sədri azərbaycanlı qonaqları salamlayaraq demişdir ki, son iki ildə Ukrayna və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlığın yüksək dinamikası müşahidə olunur.
B.Klimçuk qeyd etmişdir ki, Volınskla Gəncənin əməkdaşlığı hələ 2009-cu ildə başlanmışdır. O vaxt ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müvafiq saziş imzalanmışdır. Lakin Volınsk və Gəncə biznesmenlərinin ticarət-iqtisadi münasibətlərinin potensialından tam istifadə olunmur və hər iki tərəf onu genişləndirməyə hazırdır.
Azərbaycan nümayəndə heyətinin üzvlərinə Volınsk vilayətinin iqtisadi potensialı barədə məlumat verilmişdir. Məsələn, sərmayədarlar üçün prioritet istiqamətlər kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, tərəvəz yetişdirilməsi və tədarükünə ən müasir texnologiyaların tətbiqi, turizm-rekreasiya potensialının inkişafı, ağac tədarükü və emalı, habelə meşə emalı, enerjiyə qənaət sahələrinə ən müasir texnologiyaların cəlb olunmasıdır.
Azərbaycanlı qonaqlar Volınsk ərazisində fəaliyyət göstərən iri müəssisələrin - “Lutsk Fudz”, “Volınholdinq” səhmdar cəmiyyətlərinin, “Nestle”, “Amila”, “Gerbor-Holdinq” və “Rojişşenski sırzavod” korporasiyalarının fəaliyyəti ilə tanış olmuşlar. Təhsil və elm sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirmişdir ki, səfər zamanı Lesya Ukrainka adına Volınsk Milli Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.
Azərbaycan tərəfi Volınsk administrasiyasının və işgüzar dairələrinin nümayəndələrini Gəncəyə dəvət etmişdir. Onlar burada regionun potensialı ilə tanış olmaq və əlaqələr qurmaq imkanı əldə edəcəklər. Səfəri bu ilin oktyabrında gerçəkləşdirmək planlaşdırılır.
Nümayəndə heyətinin üzvləri iyunun 8-də Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyində səfir Eynulla Mədətli ilə görüşmüş, ümummilli lider Heydər Əliyevin səfirlikdəki büstünün qarşısına çiçəklər qoymuşlar.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kiyev