ELM VƏ TƏHSİL
Ukrayna Milli Elmlər Akademiyasının 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib
Kiyev, 6 dekabr, AZƏRTAC
Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının yaranmasının 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, xarici ölkələrin milli elmlər akademiyalarının rəhbərlərinin iştirak etdiyi konfransda Azərbaycanı Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Füzuli Qurbanov, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev təmsil ediblər.
Konfransda xarici ölkələrin elm ocaqlarının daha koordinasiyalı şəkildə fəaliyyət göstərmələrinin vacibliyi vurğulanıb.
Tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə çıxış edərək Ukrayna Milli Elmlər Akademiyasının 100 illik tarixində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Bildirib ki, Ukrayna Milli Elmlər Akademiyası nəinki ölkəsi, həm də xarici dövlətlər üçün böyük alimlər yetişdirib.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda elmin inkişafı istiqamətində mühüm işlərin görüldüyünü bildirən Akif Əlizadə qeyd edib ki, bu gün Azərbaycan ilə Ukraynanın ali elm ocaqları arasında çox güclü əməkdaşlıq mövcuddur.
Konfrans çərçivəsində xarici qonaqlara, o cümlədən AMEA-nın prezidenti Akif Əlizadəyə Ukrayna Milli Elmlər Akademiyasının 100 illiyi medalı ilə təqdim edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev