DÜNYA
UKRAYNA ODESSA ƏTRAFINDAKI NEFT TERMİNALINI MODERNLƏŞDİRİR
Kiyev, 18 iyun (AZƏRTAC). “RBK-Ukrayna” portalının yazdığına görə, iki ildən sonra Odessa vilayətindəki “Yujnı” neft terminalı yük tutumu 100 min tondan çox olan tankerləri qəbul edə biləcəkdir. Bu barədə Odessada keçirilən konfransda Ukraynanın yanacaq və energetika naziri İqor Kiryuşin məlumat vermişdir.
Nazir müavini demişdir: “Yujnıdakı terminalı modernləşdirməyə ehtiyac vardır, çünki yalnız 100 min tonadək yük tutumu olan gəmiləri qəbul edə bilməsi terminalın Rusiyanın Novorossiysk limanı ilə rəqabət aparmasına imkan vermir. Yaxın 2 ildə bu məsələ öz həllini tapacaqdır”.
“Ukrtransneft” şirkətinin neftin daşınması, qeydiyyatı və keyfiyyəti idarəsinin rəisi Tamara Varava bildirmişdir ki, magistral neft kəmərləri sisteminin milli operatoru “Yujnı” neft terminalında əlavə körpülərin tikintisinə başlamaq niyyətindədir. Variantlardan biri 100-150 min tonadək yük götürən tankerlərin qəbulu üçün ikitərəfli stasionar körpünün tikintisini nəzərdə tutur. Layihənin maya dəyəri 125 milyon dollardır. Bundan əlavə, 150 min tonadək yük tutan tankerlərdən neftin boşaldılması üçün SPM tipli birtərəfli körpünün tikintisi imkanları nəzərdən keçirilir. İldə 2,6 milyon ton yük qəbul etmək iqtidarında olan belə körpünün imkanlarını perspektivdə 9-12 milyon tonadək genişləndirmək mümkündür. Bu variant şirkətə 65 milyon dollara başa gələcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-in xüsusi müxbiri
Kiyev