DÜNYA
Ukrayna Prezidentinin köməkçisi: İlin sonunadək Rusiya ilə növbəti dəfə əsir və girovların dəyişdirilməsi məsələsi üzərində iş gedir
Kiyev, 9 sentyabr, AZƏRTAC
Ukrayna Prezidenti Vladimir Zelenskinin komandası 2019-cu ilin sonuna kimi növbəti dəfə əsir və girovların dəyişdirilməsi məsələsi üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında Prezidentin köməkçisi Andrey Yermak məlumat verib.
“Prezident göstəriş verib ki, əsirlərin dəyişdirilməsi çox tez həll olunsun. Bununla bağlı danışıqlar aparılır”, - deyə Yermak əlavə edib.
Qeyd edək ki, sentyabrın 7-də Ukrayna ilə Rusiya arasında “35-ə 35” prinsipi ilə əsir və girovların dəyişdirilməsi baş tutub. ABŞ, Fransa, Almaniya və digər ölkələr əsirlərin dəyişdirilməsi prosesini alqışlayıblar və bunun münaqişənin həlli üçün başlanğıc addım olduğunu qeyd ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev