DÜNYA
UKRAYNA TÜRKİYƏNİN QAZ VƏ NEFT KƏMƏRLƏRİNDƏ MARAQLIDIR
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko və Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər Türkiyə ərazisində qaz və neft kəmərlərinin tikintisi layihələrində Ukraynanın iştirakının mümkünlüyünü müzakirə etmişlər. Qara dəniz şelfində neft-qaz yataqlarının birgə işlənilməsinə və hasilatına dair layihələr də nəzərdən keçirilmişdir.
Boyko bildirmişdir ki, Ukrayna təbii qazın buraya nəqlinin mümkünlüyü nəzərdə tutulan “Nabukko” qaz kəmərinin, habelə Samsun-Ceyhan neft kəmərinin tikintisinə qoşulmaq istərdi. Sonuncu layihəni Qara dənizlə Qırmızı dəniz arasında enerji dəhlizi yaradılması çərçivəsində həyata keçirmək planlaşdırılır.
Nazir Ukraynanın birləşmiş energetika sistemi obyektlərinin tikintisində və yenidən qurulmasında, kömür hasilatının təmizləyici texnologiyalarla təmin edilməsində və hasilatın mexanikləşdirilməsində Türkiyə şirkətlərinin iştirakının Ukrayna üçün maraqlı olduğunu da bildirmişdir.
Boyko demişdir ki, Ukrayna Türkiyənin yanacaq-energetika kompleksinin tələbatı üçün öz yeraltı anbarlarından istifadə etməyə imkan yaratmağa və atom enerjisi sahəsində təcrübəsini Türkiyə ilə bölüşməyə hazırdır.