DÜNYA
Ukrayna və Estoniya birgə əməkdaşlığı gücləndirəcəklər
Kiyev, 26 noyabr, AZƏRTAC
Ukrayna Prezidenti Vladimir Zelenskinin və Estoniya Prezidenti Kersti Kalyulaydın Tallinndə keçirilmiş görüşünün nəticələrinə əsasən dövlət başçıları gələcək əməkdaşlıq barədə birgə bəyanat imzalayıblar.
AZƏRTAC Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkələr beynəlxalq arenada, habelə elektron idarəçilik və rəqəmsallaşdırma sahəsində əməkdaşlığı gücləndirəcəklər.
Vladimir Zelenski Ukraynanın Şimali Atlantika səylərini, habelə təhlükəsizlik və müdafiə sektorunun NATO standartlarına müvafiq yenidən qurulması, hərbi hazırlıq və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq səylərini dəstəklədiyinə görə Estoniyaya təşəkkür edib.
Prezident Kalyulayd Estoniyanın Ukraynada islahatlar proqramını dəstəkləməyə davam edəcəyini növbəti dəfə təsdiq edərək, Ukraynanın inkişafı üçün hüququn aliliyinin əhəmiyyətini vurğulayıb.
Dövlət başçıları Ukraynanın Avropa İttifaqına daxil olması səylərini təsdiq ediblər və öz öhdəliklərini yerinə yetirməyə davam etməklə, sahə inteqrasiyasını dərinləşdirməklə, Ukrayna ilə Avropa İttifaqı arasında tənzimləyici normaları yaxınlaşdırmaqla Assosiasiya haqqında Sazişin potensialından tam şəkildə istifadə etməyə razılaşıblar.
Rüstəm Məmmədov
Kiyev