İDMAN
Ukraynada Mikola Manqerin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir davam edir
Bakı, 28 mart (AZƏRTAC). Ukraynanın Xerson şəhərində Mikola Manqerin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir davam edir.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, yarışın ikinci günündə Cavid Çələbiyev (56 kq) növbəti qələbəsini qazanmışdır. Milli komandamızın üzvü rusiyalı Oleq Suşevskini çətinlik çəkmədən məğlub etmişdir. C.Çələbiyev yarımfinalda ukraynalı Oleq Prudki ilə üz-üzə gələcəkdir.
Superağır çəki dərəcəsində yarışan Kamran Mehdiyev turnirə qələbə ilə başlamışdır. Həmyerlimiz Ukrayna idmançısı Konstantin Çernış üzərində qələbə qazanmışdır. Onun növbəti rəqibi qazaxıstanlı Jan Kosobutski olacaqdır.
Avropa çempionu Salman Əlizadə (52 kq) ilk döyüşdəcə uduzaraq, yarışdan kənarda qalmışdır. O, Bakıda keçirilən dünya çempionatının bürünc mükafatçısı Casurbek Latipova (Özbəkistan) uduzmuşdur.
Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Soltan Migitinov (75 kq) ilk döyüşdə qələbə qazansalar da, ikinci görüşdə məğlubiyyətlə üzləşmişlər.
Yarış London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) üçün də uğursuz alınmışdır. Zədədən hələ tam şəkildə sağalmayan boksçumuz özbəkistanlı Rüstəm Tulaqanovla döyüşdən məğlub ayrılmışdır.