İQTİSADİYYAT
Ukraynada “SOCAR” brendi ilə daha iki yanacaqdoldurma məntəqəsi istismara verilmişdir
Bakı, 26 sentyabr (AZƏRTAC). Ukraynanın Çerkassı vilayətində “SOCAR” brendi ilə iki yanacaqdoldurma stansiyası (YDM) istifadəyə verilmişdir.
YDM-lərdən biri Çerkassı, digəri Uman şəhərində açılmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, burada müştərilərə Avropanın neft emalı zavodlarından tədarük olunan “Avro-4”, “Avro-5” ekoloji standartlarına uyğun, yüksək keyfiyyətli yanacaqlar təklif olunur. Neft məhsullarının çeşidinə “A-92”, “A-95” benzinləri, həmçinin “Nano 95” və “NanoDiesel” yanacaq növləri daxildir. YDM-lərdə avtomobillər üçün şüşəyuyucu çənlərin, təkərlərin doldurulması, avtoyuma kimi pulsuz xidmətlər göstərilir. Müştərilər pulsuz internet xidmətlərindən də istifadə edə bilərlər. Onlar 24 saat fəaliyyət göstərən YDM-lərdə həm vaxtlarına qənaət edir, həm də yüksək keyfiyyətli xidmətdən yararlanırlar.
Artıq Çerkassı vilayətində “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 4-ə, bütün Ukrayna ərazisində isə 35-ə çatmışdır.
Ukraynanın altı vilayətində - Kiyev, Lvov, Odessa, Nikolayev, Roven və Çerkassıda SOCAR-ın yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bütün YDM-lər “SOCAR Ukraina” qrupu tərəfindən istismar olunur.