Ukraynalı ekspert: Azərbaycan etibarlılığını daim sübut edib
Kiyev, 18 mart, AZƏRTAC
Azərbaycan müqavilələr, vəd edilmiş enerji məhsullarının tədarükü və daha çox məsələdə etibarlılığını daim sübut edib. Məhz bu etibarlılıq amili ölkələri Azərbaycana cəlb edir.
Ukraynalı politoloq Aleksandr Kovalenko bu fikri AZƏRTAC-a açıqlamasında ifadə edib.
Onun sözlərinə görə, Azərbaycanın uzunmüddətli tərəfdaşı olan Ukrayna ən çətin tarixi anlarda Bakının daim onu dəstəklədiyini, yardım əli uzatmağa hazır olduğunu dəfələrlə görüb.
Ukraynalı politoloq əlavə edib: “Ukrayna neft və ya qaz kimi müəyyən enerji resurslarına ehtiyac hiss etdikdə, əlbəttə ki, iki ölkə arasındakı böyük məsafələrə baxmayaraq, Azərbaycan kömək əlini uzatmağa daim hazır olub. Uzun müddət Rusiyanın enerji resurslarından asılı olan Avropa da indi bunu görür”.
O qeyd edib ki, bu, Azərbaycanın yeni güc balansının formalaşması prosesində birləşdirici qovşağa və mərkəzə çevrilməsinin daha bir nümunəsidir.
Aleksandr Kovalenko əlavə edib: “Avropa qapılarını Azərbaycanın enerji ehtiyatlarına — Xəzər qazına və neftinə açır. Azərbaycan hazırda Avropa ölkələrinə və bütövlükdə regiondakı qonşu dövlətlərə özlərini daha sərbəst və müstəqil hiss etməyə imkan verən bir funksiyanı yerinə yetirir”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev