CƏMİYYƏT
Ukraynalı mütəxəssis: Radioaktiv tullantıların işğal altında olan ərazilərdə basdırılması dünya üçün ciddi problemdir
Tbilisi, 5 oktyabr, AZƏRTAC
“Metsamor AES-in bugünkü fəaliyyəti haqqında tam, geniş məlumatım yoxdur. Amma bu atom elektrik stansiyasının fəaliyyətində ciddi nöqsanlar olması barədə məlumat məni də çox narahat edir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru Sergey Qalaka söyləyib.
S.Qalaka deyib ki, “Qara dəniz regionunda nüvə təhlükəsizliyi”nə dair Tbilisidə keçirilən konfransda nüvə və bakterioloji silahların, eləcə də radioaktiv tullantıların qloballaşan dünyada təhlükəsizliyə təhdid olduğu qeyd olunub. Bu gün Cənubi Qafqazda mövcud olan münaqişələr bizi çox narahat edir. Digər tərəfdən Metsamor AES-dən çıxarılan radioaktiv tullantıların işğal altında olan ərazilərdə basdırılması, həmin ərazilər vasitəsilə daşınması barədə məlumatlar da bizi ciddi narahat edir. Bu bütün dünyanı narahat edən məsələdir.
“Düşünürəm ki, sağlam qüvvələr bu məsələni ciddi araşdırmalı, insan sağlamlığı, təhlükəsizlik üçün ciddi təhdid olan bu məsələlərə qarşı birgə mübarizə aparmalıdırlar” - deyə, S.Qalaka vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi