MƏDƏNİYYƏT
Ukraynalı rejissor Sumqayıt teatrında tamaşa hazırlayır
Sumqayıt, 13 iyun (AZƏRTAC ). Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında amerikalı dramaturq Con Patrikin əsəri əsasında səhnələşdirilən “Qocanı öldürməliyik” tamaşasının məşqləri gedir.
Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Mehman Şükürov AZƏRTAC-a bildirmişdir ki, tamaşanın quruluşçu rejissoru Tatyana Şevçenko, quruluşçu rəssamı Elena Karpenko və geyim üzrə rəssam Sergey Karpenko Ukraynadan dəvət olunmuşlar.
Tamaşaya musiqini bəstəkar Telman Qəniyev yazmışdır.
Qızğın yaradıcı şəraitdə keçən məşqlərdə rolları İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, Əməkdar Artist İzaməddin Bağırov və başqaları ifa edirlər.
Mehman Şükürov onu da qeyd etmişdir ki, dövlət sifarişi ilə hazırlanan tamaşanın teatr mövsümünün sonunadək təhvil verilməsi nəzərdə tutulmuşdur.