UKRAYNANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirildi.
Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kizima qəbulda çıxış edərək bildirdi ki, Ukrayna müstəqilliyini əldə etdikdən sonra bütün ölkələrlə, eləcə də, Azərbaycanla münasibətlər qurulması üçün konkret addımlar atmışdır. Bu gün dost Azərbaycanla münasibətlər yüksələn xətlə inkişaf edir və bu işdə dövlət başçılarımızın xüsusi rolu olmuşdur. Ukrayna Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində reallaşan bir sıra regional layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Ukraynaya dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açmışdır. Ukrayna Azərbaycanla bütün sahələrdə olduğu kimi, iqtisadi-ticarət sahəsində də əməkdaşlığı genişləndirmək, ticarət dövriyyəsini iki dəfə artırmaq niyyətindədir.
Diplomat vurğuladı ki, parlamentlər səviyyəsində də əlaqələr genişlənir. Deputatlarımız beynəlxalq təşkilatlarda, xüsusən də Avropa Şurasında, demək olar ki, bütün məsələlərdə eyni mövqedən çıxış edirlər. GUÖAM çərçivəsində əməkdaşlıq da mühüm yer tutur.
Sonra çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Prezident İlham Əliyevin adından mərasim iştirakçılarını təbrik etdi, Ukrayna xalqına sülh və əmin–amanlıq arzuladı. Xarici siyasət idarəsinin başçısı ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin tarixindən söhbət açdı.
Həmçinin xatırlatdı ki, ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində 1975-ci ildən başlayaraq azərbaycanlı gənclər Kiyev Dövlət Universitetində və Ukraynanın digər tanınmış ali məktəblərində təhsil alırdılar. Özünün də həmin tələbələrdən biri olduğunu vurğulayan Elmar Məmmədyarov dedi ki, bu ənənə indi də davam edir.
Nazir xüsusi vurğuladı ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra məhz prezidentlər Heydər Əliyevin və Leonid Kuçmanın səyləri nəticəsində münasibətlərimiz bütün sahələri əhatə edərək, strateji tərəfdaşlıq xarakteri almışdır. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir və Azərbaycan bütün dost ölkələrlə, o cümlədən Ukrayna ilə əlaqələrin daha da inkişafında maraqlıdır.
Mərasimdə nazirlər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.