SİYASƏT
UKRAYNANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Avqustun 31-də Ukraynanın Azərbaycandakı səfirliyi avqustun 24-də qeyd olunnuş milli bayram - öz ölkəsinin müstəqilliyi günü münasibətilə “Gülüstan” sarayında rəsmi qəbul təşkil etmişdir.
Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Ukraynanın Azərbaycandakı səfiri Boris Aleksenko dövlət müstəqilliyinin on ili ərzində Ukraynanın keçdiyi yoldan, çətin problemlərin aradan qaldırılması, iqtisadi islahatlar aparılması üçün ölkə rəhbərliyinin gördüyü tədbirlərdən danışdı. Səfir dedi ki, bunun sayəsində indi dövlət sistemi uğurla formalaşmış, ictimai-siyasi sabitlik təmin edilmişdir.
Boris Aleksenko Ukraynanın müxtəlif ölkələrlə əməkdaşlığından danışarkən Azərbaycanla sıx münasibətləri və ölkələrimizin hazırda strateji tərəfdaşlıq səviyyəsində olduğunu xüsusi vurğuladı. O, ölkələrimiz arasında münasibətlərin inkişafına şəxsən böyük töhfə verdiyinə görə Prezident Heydər Əliyevə dərin təşəkkürünü bildirdi.
Milli Məclisin sədri Murtuz Ələsgərov rəsmi qəbulda çıxış edərək, Azərbaycan Prezidenti Heydər Əliyevin adından Ukrayna xalqını ölkənin müstəqillik günü münasibətilə təbrik etdi. O dedi ki, indi dövlətlərimiz arasında bütün sahələrdə yaxşı münasibətlər yaranmışdır. Bu münasibətlər strateji tərəfdaşlıq kimi səciyyələndirilir. Azərbaycan Parlamentinin başçısı vurğuladı ki, ölkələrimiz bütün beynəlxalq təşkilatlarda vahid mövqelərdən çıxış edirlər. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini həmişə bəyan etmişdir.
Qəbulda Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavinləri Ziyafət Əsgərov və Gövhər Baxşəliyeva, xarici işlər naziri Vilayət Quliyev iştirak edirdilər.