SİYASƏT
Ukraynanın Nikolayev şəhərindəki Azərbaycan bazar günü məktəbində ulu öndər Heydər Əliyevə həsr olunmuş açıq dərs keçiriləcəkdir
Nikolayev, 9 may (AZƏRTAC). Artıq üçüncü ildir ki, Nikolayev şəhərinin 42 nömrəli orta ümumtəhsil məktəbinin bazasında Azərbaycan bazar günü məktəbi fəaliyyət göstərir. Bu məktəb Nikolayev vilayətindəki H.Ə.Əliyev adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin sədri, diasporun ağsaqqalı, adı “Nikolayev vilayətinin elitası” bioqrafik məlumat kitabına daxil edilmiş sahibkar Yunus Əliyev tərəfindən açılmışdır və maliyyələşdirilir.
Mayın 8-də Yunus müəllim Kiyevdəki səfirliyimizin Ukrayna gəmiqayıranları şəhərinə, Azərbaycanın Qırmızı Bayraqlı Suvorov ordenli 416-cı Taqanroq atıcı diviziyasına həsr olunmuş Muzey-xatirə kompleksinin təntənəli açılışına gəlmiş əməkdaşları – birinci katib Sübhan Hüseynli və üçüncü katib Ruslan Qurbanovla birlikdə 42 nömrəli məktəbdə olmuşdur.
Onlar məktəbin direktoru, Ukraynanın Əməkdar Təhsil Işçisi Lyudmila Bondaryova ilə görüşmüş, Azərbaycan bazar günü məktəbindəki vəziyyətlə maraqlanmış, məktəbin tədris hissəsi müdirinin müşayiəti ilə şənbə və bazar günləri təkcə 25 nəfər azərbaycanlı uşağın deyil, həm də onların müxtəlif millətlərdən olan yaşıdlarının dərs keçdikləri sinif otağı ilə tanış olmuşlar.
Dəhlizdə Azərbaycan sinfinin girişi qarşısında divarda “Harada olsan, unutma ki, sən azərbaycanlısan”, “Azərbaycan”, “Azərbaycanın görkəmli şəxsiyyətləri” sərlövhələri altında gözəl fotostendlər yerləşdirilmişdir. Sinif Y.Əliyevin vəsaiti ilə təmir olunmuş, bütün lazımi avadanlıqla təchiz edilmişdir. Otağın divarlarını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portretləri bəzəyir.
Yunus Əliyev AZƏRTAC-a bildirmişdir ki, Azərbaycan bazar günü məktəbində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirin keçirilməsinə tam hazırdırlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev-Nikolayev