İQTİSADİYYAT
“Ulduz”-“Həzi Aslanov" sahəsində qatarların hərəkəti bərpa olunub
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də saat 05:41 dəqiqədə “Həzi Aslanov”-“Dərnəgül” xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti “Qara Qarayev” stansiyasına yaxınlaşdıqda təmas relsində nasazlıq aşkar edib.
Nasazlığın operativ qaydada aradan qaldırılması məqsədilə dərhal “Bakı Metropoliteni” QSC-nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq struktların mütəxəssisləri cəlb ediliblər.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, həmin vaxt “Ulduz”-“Həzi Aslanov” istiqamətində qatarların hərəkəti dayandırılıb, saat 6:00-da həmin istiqamətdə yerləşən stansiyalar sərişinlərin girişinə açılmayıb.
Metropolitendə qatarların hərəkəti Qırmızı və Yaşıl xətlər üzrə “Nəriman Nərimanov”-“İçərişəhər”, “Nəriman Nərimanov”-“Dərnəgül” istiqamətində 3 dəqiqəlik intervalla təşkil edilib. Bənövşəyi xətt üzrə və “Cəfər Cabbarlı”-“Xətai” mənzilində qatarlar normal iş rejimi şəraitində fəaliyyət göstərib.
“Ulduz”- “Həzi Aslanov” sahəsində sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunub.
Saat 10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.
Baş vermiş hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.