ELM VƏ TƏHSİL
Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalayıb
Bakı, 1 avqust, AZƏRTAC
Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından əhəmiyyətli sənədlərdir. Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi fəxarətlə qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə 2003-cü ilin yanvarın 2-də “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, filologiya elmləri doktoru Sevinc Əliyeva bildirib.
Şöbə müdiri deyib ki, Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2013-cü il 9 aprel tarixli Sərəncamına əsasən, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olub. Bu istiqamətdə görülən işlər ana dilimizin inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür. Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır.
Alim bildirib ki, Dilçilik İnstitutunun monitorinq şöbəsi Dövlət Proqramının icrası ilə bağlı davamlı şəkildə monitorinqlər apararaq ölkədə dil situasiyasının müəyyənləşdirilməsi və dilin inkişafı üçün şəraitin yaradılması sahəsində səmərəli işlər görür. Audiovizual reklamların və küçə reklamlarının dilinin monitorinqi, qəzetlərdə və saytlarda Azərbaycan dilinin normaya uyğun işlədilməsi, küçə adları, radio və TV dilinin davamlı monitorinqi, ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması, elan və lövhələrin monitorinqi ilə bağlı tədbirlər buna nümunədir. Regionlarda dil situasiyasına nəzarət məqsədilə bir sıra rayonların ərazisində küçə adlarında, reklam və elanlarda, idarəçilik və kargüzarlıqda ədəbi dilin düzgün tətbiqinin vəziyyətini izləmək məqsədilə mütəmadi olaraq monitorinqlər təşkil olunub. Bundan əlavə, bir sıra dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq uğurlu iş kimi dəyərləndirilə bilər. Müvafiq istiqamətdə uğurlu fəaliyyət kimi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlığı da qeyd etmək yerinə düşər. Bilik Fondunun təşəbbüsü və birbaşa dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində “Xəzər TV”, “Lider TV”, “Kəpəz TV (Gəncə)” və “ARB-24 Xəbər (Tovuz)” kanallarında keçirilən tədbirlər dilin saflığının qorunmasına xidmət edən addım kimi dəyərləndirilməlidir. Dilçilik İnstitutu ilə Milli Televiziya və Radio Şurasının rəyi əsasında dərc olunan tövsiyə xarakterli məqalələr toplusu gələcəkdə bu sahənin mütəxəssisləri üçün faydalı vəsait kimi istifadə oluna bilər. “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində regionlarda dövlət dilinin təbliği, məktəblərdə gənc nəslin nümayəndələri ilə görüşlər və müzakirələr maarifləndirmə və təşviqat istiqamətində əhəmiyyətli tədbirlərdəndir. Təsadüfi deyil ki, Bilik Fondunun yaxın zamanlarda dövlət dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı regionlarımızda Azərbaycan dilini tədris edən təhsil işçiləri, yerli KİV nümayəndələri, məktəbli və tələbələr cəlb olunmaqla “Dilimiz sərvətimizdir” maarifləndirici layihəyə imza atması nəzərdə tutulub.
“Artıq dörd ilə yaxındır ki, Bilik Fondu “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində paytaxtın rus pravoslav kilsələrində rusdilli əhali üçün ödənişsiz “Azərbaycan dili” təlim kursları təşkil edir. Dinləyicilər dövlət dilində ünsiyyət qurmaq bacarıq və vərdişlərinə yiyələnməklə, ədəbi dil normalarını öyrənməklə yanaşı, tariximiz və mədəniyyətimizlə yaxından tanış olmaq məqsədilə muzey və sərgilərə, film nümayişləri və teatr tamaşalarına dəvət olunur, elm və mədəniyyət xadimləri ilə görüşürlər. Bu cür yanaşma rusdilli vətəndaşlarımıza dövlət dili vasitəsilə multikultural həyat tərzi ilə tanınan xalqımızın qədim tarixi və zəngin mədəniyyətinə dair faydalı və gərəkli bilgilər əldə etmək imkanı yaradır”, - deyə şöbə müdiri bildirib.