REGİONLAR
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur VİDEO
Beyləqan, 26 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Liderinin irsinin daha dərindən öyrənilməsi məqsədilə Beyləqan rayonunun orta məktəblərinin XI sinif şagirdləri üçün açıq dərslərin keçirilməsi qrafikə uyğun davam etdirilir.
AZƏRTAC xəbər verir ki, noyabrın 4-dən başlayaraq Heydər Əliyev Mərkəzində keçirilən məşğələlərdə ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə, ümumilikdə, 42 saat dərsin tədrisi nəzərdə tutulur. Tədris prosesinə yüksək peşəkarlığı ilə seçilən 11 tarix müəllimi cəlb edilib.
Növbəti dərslərdə Beyləqan şəhərindəki təbiət və humanitar fənlər təmayüllü liseyin, Bünyadlı və Milabad kənd tam orta məktəblərinin 48 nəfər şagirdi iştirak edib. “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusuna həsr olunan açıq dərsdə şagirdlərə ötən əsrin 90-cı illərinin əvvəllərindəki ictimai-siyasi vəziyyət, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya gəlişi, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi, həmin tarixin xalqımız tərəfindən Milli Qurtuluş günü kimi qiymətləndirilməsi, ölkədə vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi, iqtisadiyyatın, təhsil, mədəniyyət və idmanın inkişafı, ordu quruculuğu və sair barədə geniş məlumat verilib.
Şagirdlər Heydər Əliyev Mərkəzində, həmçinin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən şəkil, kitab və eksponatlarla da tanış olublar.