SİYASƏT
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN VƏFATININ ALTINCI İLDÖNÜMÜ İLƏ BAĞLI SƏUDİYYƏ ƏRƏBİSTANINDA ANMA TƏDBİRİ KEÇİRİLMİŞDİR
Ər-Riyad, 12 dekabr (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə bağlı dekabrın 12-də ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində anma tədbiri keçirilmişdir.
Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Səfir Tofiq Abdullayev tədbiri açaraq, böyük insan, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat vermişdir. Diplomat bütün həyatını öz xalqına həsr etmiş ulu öndərin istər Sovet dövründə, istərsə də Azərbaycanın müstəqillik qazanmasından sonra xalqın tələbi ilə ölkəmizə yenidən rəhbərlik etdiyi zamanlarda qətiyyətlə və uzaqgörənliklə qəbul etdiyi qərarların əhəmiyyətindən, müxtəlif istiqamətlər üzrə əldə edilən uğurlarda onun imzasının olmasından söhbət açmışdır.
Natiq ümummilli liderimizin yürütdüyü müdrik daxili və xarici siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirmiş, Azərbaycanın dünyada nüfuzunun artması istiqamətində görülən işlər haqqında məlumat vermişdir.
Digər çıxışlarda da təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik ənənəsinin əhəmiyyəti, ümummilli liderimizin adının bütün dünyada tanınmış şəxsiyyətlərlə bir sırada çəkilməsinin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğu, eyni zamanda Heydər Əliyev şəxsiyyətinin dünyada yaşayan soydaşlarımız arasında mənəvi bütövlük və birliyin rəmzinə çevrildiyi qeyd edilmişdir.
Sonda tədbir iştirakçıları səfirlikdə təşkil edilmiş Heydər Əliyev guşəsini ziyarət etmişlər.