REGİONLAR
Ulu öndər Heydər Əliyevin yadigarı olan Yeni Azərbaycan Partiyası xalqın ən böyük siyasi istinadgahıdır
Bərdə, 21 noyabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin yadigarı olan Yeni Azərbaycan Partiyası (YAP) xalqın ən böyük siyasi istinad yeridir. YAP ölkəmizin müstəqillik dövrünün şərəfli salnaməsi, xalqa, dövlətə xidmət nümunəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə partiyanın Bərdə rayon təşkilatında keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya tədbirdə çıxış edərək partiyanın keçdiyi şərəfli yoldan, ötən dövrdə qazandığı uğurlardan danışıb. Bildirib ki, YAP Azərbaycanın əldə etdiyi uğurların müəllifi, gələcəyə inamın, daha böyük nailiyyətlərin, mühüm zəfərlərin təminatçısıdır. YAP həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanıb.
Diqqətə çatdırılıb ki, hazırda YAP Bərdə rayon təşkilatının 11 min 221 nəfər üzvü var. Onlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Tədbirdə digər çıxış edənlər partiyanın respublikanın həyatında oynadığı roldan danışıb, Azərbaycan xalqının arzu və istəklərindən yaranan YAP-ın ölkəmizin aparıcı siyasi qüvvəsi olduğunu bildiriblər.
Sonra partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib. YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışının və mini-futbol turnirinin qalibləri də mükafatlandırılıb.
Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompozisiya ilə başa çatıb.