CƏMİYYƏT
Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş markanı şəhid övladları möhürlədi
Bakı, 10 may, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən “Heydər Əliyev İli” çərçivəsində, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb.
Bu gün “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi, “Azərpoçt” MMC-nin təşkilatçılığı ilə markaların möhürlənməsi mərasimi keçirilib və poçt markaları şəhid övladları tərəfindən möhürlənib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ümummilli Liderin keçdiyi şərəfli həyat yolu və zəngin fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, Ulu Öndər Azərbaycanı bir dövlət kimi ağır və mürəkkəb sınaqlardan çıxarıb, ölkənin inkişaf strategiyasını müəyyən edib, onun həyata keçirilməsi istiqamətində mühüm addımlar atıb.
Vurğulanıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm təməl üzərində inamla irəliləyir.
Sonra 1993-cü ildən etibarən Ulu Öndərə həsr edilməklə nəşr olunmuş poçt markaları haqqında qısa film nümayiş etdirilib.
Qeyd edək ki, poçt markaları kolleksiyaçılar üçün böyük töhfə olmaqla yanaşı, məktubların üzərinə vurulmaqla, dünyada ölkəmizin təbliği sahəsində mühüm rol oynayır.