SİYASƏT
Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə erməni millətçiləri ölkəmizə qarşı heç bir addım ata bilmədilər - Deputat
Bakı, 28 fevral, AZƏRTAC
SSRİ rəhbərliyində təmsil olunan şəxslər və daşnaklar erməni millətçiliyi arasında bir paralel çəkdilər. Bu paralel Sumqayıt hadisələrinə birbaşa təsir göstərirdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə erməni millətçiləri Azərbaycandan nə torpaq qopara bildilər, nə də ölkəmizə qarşı hər hansı bir addım ata bildilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İTV-nin efirində yayımlanan "Diqqət mərkəzi" verilişində Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası hazırlanarkən həmin komissiyada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi məsələsinin qoyulduğunu diqqətə çatdıran Aydın Mirzazədə deyib: “Bundan xəbər tutan Ulu Öndər Heydər Əliyev o vaxt komissiyanın sədr müavini, Mərkəzi Komitənin katibi Boris Ponomaryova müraciət edib və o bildirib ki, məsələ müzakirə olunur. Heydər Əliyev Brejnevə çıxaraq məsələnin gündəlikdən çıxarılmasına nail olur. Ümummilli Lider Heydər Əliyevin nüfuzu, qətiyyəti bu məsələnin qarşısını alır. Ermənilər artıq görürdülər ki, onların torpaq iddiası qarşısında Heydər Əliyev böyük maneə idi”.
Deputat qeyd edib ki, ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirdilər. Onlar elə bilirdilər ki, bu məsələ də 1918-ci ildə İrəvanın alınması kimi bir şey olacaq - 1921-ci ildə Göyçə mahalının, Zəngəzurun və Mehrinin alınması və sonradan Ermənistan-Azərbaycan sərhədlərində min hektarlıq ərazinin birləşdirilməsi kimi. Amma alınmadı. Çünki artıq Azərbaycanda sağlam milli düşüncə bütün cəmiyyətə sirayət etmişdi və Heydər Əliyev xalqını, ziyalıları öz torpaqlarını qorumaq üçün hazırlamışdı.