SİYASƏT
ULU ÖNDƏRİN MƏZARINI ZİYARƏTETMƏYİ ÖZÜMƏ BORC BİLİRƏM
Bakı, 12 dekabr (AZƏRTAC). Fəxri xiyabana insan axınının ardı-arası kəsilmir. Xalq bir daha özünün ümummilli liderinə, xilaskarına dərin ehtiramını ifadə etmək üçün buraya gəlir.
-Mən bu gün Fəxri xiyabana ürəyimin istəyi ilə gəlmişəm, - deyə, “Qızıl qələm” mükafatı laureatı Brilyant Məmmədzadə bildirir. -Yaşımın çox olmasına baxmayaraq, müntəzəm olaraq ulu öndərin məzarını ziyarət etməyi özümə borc bilirəm. Hər dəfə buraya gəlib ümummilli liderin məzarı üzərində tər çiçəkləri görəndə qəlbim qürur hissi ilə döyünür. Bugünkü izdihamı isə həyəcansız izləyə bilmirəm. Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Onun Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkə iqtisadiyyatında böyük nailiyyətlər əldə olunmuşdur. Mədəniyyətin yüksəlişi, milli mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılmışdır. Həmin illərdə ölkə həyatının bütün sahələrində ciddi dəyişikliklər öz miqyasına görə Azərbaycanın salnaməsində ən dolğun səhifələri təşkil edir.
Mən sevinirəm ki, bu gün müstəqil dövlətimizi qələbələrdən qələbələrə aparan, dahi şəxsiyyətin daxili və xarici siyasətini davam etdirən Prezidentimiz vardır. Biz ona inanırıq.
Allah ulu öndərimizə qəni-qəni rəhmət eləsin.