CƏMİYYƏT
Ulu Öndərin təşəbbüsü ilə reallaşan regional layihələr Azərbaycan-Gürcüstan iqtisadi münasibətlərində mühüm rol oynayıb
Tbilisi, 27 aprel, AZƏRTAC
Gürcüstandakı Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Kvemo Kartli bölgəsindəki azərbaycandilli məktəblərdə silsilə maarifləndirici tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti maarifləndirici dərs aprelin 27-də Marneuli rayonunun Yuxarı Saral kənd ictimai məktəbində keçirilib.
“Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Gürcüstan iqtisadi-ticarət əlaqələrində rolu” mövzusuna həsr olunmuş dərsdə Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Sərxan İsmayılov, müəllimlər, ictimai fəallar və məktəblilər iştirak ediblər.
Müəllimlər İttifaqının sədri Səadət Quliyeva bu cür tədbirlərin keçirilməsinin məqsədi barədə ətraflı məlumat verib.
Məktəbin direktor müavini Mirağa Mustafayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı rolu barədə danışıb.
Sərxan İsmayılov çıxış edərək Ulu Öndərin 1996-cı ildə Gürcüstana ilk rəsmi səfərinin tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələ açıb. O, Ümummilli Liderin təşəbbüsü ilə regionda həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Əruzum qaz kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçməsini bu ölkədə yaşayan soydaşlarımıza olan diqqət və qayğının ən bariz nümunəsi kimi dəyərləndirib.
Diplomat Ulu Öndər Heydər Əliyevin uşaqlara, gənc nəslə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib. Bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Məktəbin gürcü dili müəllimi Natia Qoqiaşvili çıxışında Ümummilli Lider Heydər Əliyevi gürcü xalqının yaxın dostu adlandırıb. Bildirib ki, Ulu Öndərin əziz xatirəsi təkcə azərbaycanlıların deyil, gürcü xalqının da qəlbində əbədi yaşayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi