“ÜMİD” QƏSƏBƏSİNDƏ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ
Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınç fevralın 8-də Qaradağ rayonundakı “Ümid” qəsəbəsinə gəlmiş, burada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
Qəsəbənin mərkəzinə toplaşan məcburi köçkünlər Türkiyə parlamentinin sədrinə Ermənistanın təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşdüklərini, 12-13 ildən bəri öz doğma torpaqlarına dönmək arzu ilə yaşadıqlarını bildirmişlər. Onlar Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində qardaş Türkiyə dövlətinin ölkəmizə həmişə fəal yardımçı, etibarlı dost, arxa olduğunu razılıq hissilə vurğulamışlar.
Türkiyə Böyük Millət Məclisinin sədri azərbaycanlı qaçqınların vəziyyətindən xəbərdar olsa da, bu gün burada görüb-eşitdiklərindən ağır iztirab keçirdiyini, onların doğma yurd yerlərinə qayıdış arzularını yüksək qiymətləndirdiyini söyləyərək, bir millət, iki dövlət olan Türkiyə ilə Azərbaycanın hər zaman birlikdə olacağına əminliyini ifadə etmişdir. Qonaq Avropa Şurası Parlament Assambleyasının Ermənistanı növbəti dəfə təcavüzkar dövlət adlandırmasının bu ağrılı problemin həllinə müsbət təsir göstərəcəyinə inandığını da diqqətə çatdırmışdır.
Hörmətli qonaq məcburi köçkün ailəsinin dəvətini qəbul edərək onların evinə getmiş, mənzil-məişət şəraiti ilə tanış olmuş, şəxsi qələmini hədiyyə olaraq ailənin övladına bağışlamışdır.