İQTİSADİYYAT
“Ümid” yatağındakı ikinci quyuda aparılan qazma işləri başa çatmaq üzrədir
Bakı, 19 dekabr (AZƏRTAC). Bakı arxipelaqının Cənub Xəzər çökəkliyində, paytaxtdan 80 kilometr məsafədə yerləşən “Ümid” yatağında quraşdırılan özüldə ikinci kəşfiyyat quyusunun qazılması işləri cədvələ uyğun davam etdirilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə AZƏRTAC-a bildirmişdir ki, hazırda ilin ortasından qazılmağa başlanmış ikinci quyuda dərinlik 5560 metrdir. Quyunun layihə dərinliyi isə 6500 metrdir. Nəticələr ürəkaçandır. İşlər planlaşdırılan kimi getsə, gələn ilin birinci rübündə quyunun qazılması tam başa çata bilər. “Ümid” platformasında, ümumilikdə, 6 quyunun qazılması nəzərdə tutulur.
Həmçinin gələn ilin yanvarından “Babək” struktur yatağında geofiziki işlərə başlanılacağını deyən X.Yusifzadə vurğulamışdır ki, burada 3D seysmik işləri aparılacaqdır.
“Ümid” yatağı respublikamız müstəqillik qazandıqdan sonra ARDNŞ-in öz gücü ilə kəşf olunan ilk yataqdır. Quyuda karotaj göstəricilərinə əsasən, məhsuldar qatın VII və V horizontlarında karbohidrogen ehtiyatları müəyyən edilmişdir. Sonradan VII horizontdan qaz axını alınmışdır. İlkin hesablamalara görə, “Ümid” strukturunun karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.