İQTİSADİYYAT
“Ümumdünya Əməyin Mühafizəsi Günü” ilə əlaqədar müşavirə keçirilmişdir
Bakı, 29 aprel (AZƏRTAC). “Azneft” İstehsalat Birliyində (İB) “Ümumdünya Əməyin Mühafizəsi Günü” ilə əlaqədar müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müşavirədə birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov çıxış edərək istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Qeyd olunmuşdur ki, İB-nin struktur təşkilatlarında əmək şəraitinin daha da yaxşılaşdırılması üçün iş yerlərinin attestasiyası keçirilir və aşkar olunan zərərli amillərin aradan qaldırılması tədbirləri davam etdirilir.
Sonra çıxış edən baş direktorun birinci müavini Balamirzə Ağarəhimov qeyd etmişdir ki, ötən günlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin iştirakı ilə Sağlam və Təhlükəsiz Əmək Şəraitinin yaradılmasına görə 2012-ci ilin ən yaxşı müəssisəsi müsabiqəsi keçirilmişdir.
Müsabiqədə 1200 müəssisə çıxış etmiş və onlardan 45 müəssisə qalib gəlmişdir. Qalib müəssisələrin sırasında “Azneft” İB-nin “28 May” neft və qazçıxarma idarəsi də yer almışdır. Qaliblərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına görə diplomlar verilmişdir.